22 Dekabr 2015

“Uşaqlar üçün ekoloji laboratoriya” çərçivəsində növbəti təlim keçirilmişdir.

19 dekabr tarixində IDEA İctimai Birliyi və “Sevimli bala” təşkilatının birgə həyata keçirdiyi “Uşaqlar üçün ekoloji laboratoriya” layihəsi çərçivəsində IDEA-nın Azərbaycan Respublikası Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasında yerləşən Resurs Mərkəzində növbəti, sayca on ikinci təlim keçirilmişdir.

Dekabr laboratoriyası “Yer kürəsi və yeni il”-ə həsr olunmuşdur və buna uyğun olaraq, təlim zamanı “kiçik ekoloqlar”a Planetimiz haqqında maraqlı faktlar, yer kürəsinin daxili qatları, Yer səthində baş verən vulkan, zəlzələ və s. kimi təbii proseslər barədə geniş məlumat verilmiş, eləcə də ətraf mühitə zərər yetirmədən Yeni il küknarının hazırlanması və bəzədilməsi yolları izah olunmuşdur.

Təlimin gedişində uşaqlar, bir sıra laboratoriya sınaqlarının keçirilməsində iştirak etmiş, müxtəlif materiallardan istifadə etməklə “Yeni il” mövzusuna uyğun“sənət əsərləri” hazırlamışlar.

Dekabr laboratoriyası uşaqlara maraqlı və əyləncəli gün bəxş etməklə yanaşı, həm də kiçik yaşlarından geoloji biliklərə sahib olmaları baxımından da əlamətdar olmuşdur.

Təlimin sonunda IDEA İctimai Birliyi və “Sevimli Bala” təşkilatı iştirakçılara xüsusi Yeni il hədiyyələri təqdim etmişdir.

Qeyd edək ki, 2015-ci ilin yanvar ayından start verilmiş “Uşaqlar üçün ekoloji laboratoriya”  layihəsi çərçivəsində hər ay mütəmadi olaraq iqlim dəyişmələri və qlobal istiləşmə, “yaşıl şəhər”, tullantılar və onların təkrar emalı, ilin fəsilləri və ağaclar, atmosfer çirklənməsi, ekoloji təmiz və sağlam qida, suyun xüsusiyyətləri və onun qorunması, enerji və ona qənaət, heyvanlar və onlara qayğı kimi müxtəlif ekoloji mövzuları əhatə edən təlimlər keçirilmiş və il ərzində ümumilikdə, 200-dən çox uşaq laboratoriyamızın qonağı olmuşdur.

IDEA İctimai Birliyinin Azərbaycan Respublikası Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasında yerləşən Resurs Mərkəzində təşkil olunacaq “Uşaqlar üçün ekoloji laboratoriya”da iştirakla bağlı IDEA İctimai Birliyi ilə (497-63-16) əlaqə saxlamaq xahiş olunur.

IDEA haqqında daha çox xəbər
7 may 2014-cü il tarixində Bakıda IDEA İctimai Birliyi tərəfindən Qafqaz Biomüxtəlifliyi Sammiti (bəbir və digər pişikkimilərin mühafizəsi) təşkil olunub.
“Ümumrespublika Yaşıllaşdırma” marafonu 5 noyabr 2014-cü il tarixində Heydər Əliyev Fondunun vitse-Prezidenti, IDEA İctimai Birliyinin təsisçisi və rəhbəri…
"Ağacların kəsilməsinə yox" proqramı Heydər Əliyev fondu və IDEA İctimai Birliyi ilə birlikdə həyata keçirilməkdədir.

Bİzə qoşul