10 Oktyabr 2014

"Eko Rəsm Müsabiqə 2014" müsabiqəsinin milli mərhələsinin mükafatlandırma mərasimi keçirilib

 

Oktyabrın 10-da IDEA İctimai Birliyinin təşəbbüsü, UNESCO-nun himayəsi, Heydər Əliyev Mərkəzi və Panasonic şirkətinin təşkilati dəstəyi ilə keçirilən “Eko Rəsm Gündəliyi 2014” beynəlxalq müsabiqəsinin milli mərhələsinin mükafatlandırma mərasimi keçirilib.


Tədbirdə Heydər Əliyev Fondunun vitse-prezidenti, IDEA İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla Əliyeva, bir sıra dövlət və hökumət nümayəndələri, xarici ölkələrin Azərbaycan Respublikasındakı səfirləri, o cümlədən, müsabiqənin final mərhələsinə yüksələn məktəblilərin təhsil aldıqları orta məktəblərin təmsilçiləri iştirak ediblər.


Qeyd edək ki, Azərbaycanda ikinci dəfə keçirilən müsabiqə çərçivəsində Bakı və Gəncə şəhərlərindəki məktəblərə 5000 ədəd “Eko Gündəlik” paylanılıb və onlardan 3050 ədədi doldurularaq təşkilatçıya təqdim olunub.


IDEA, Heydər Əliyev Mərkəzi, Azərbaycan Respublikası Təhsil Nazirliyi, Ekologiya və Təbii Sərvətlər Nazirliyi, UNESCO, Panasonic şirkəti, KİV və QHT nümayəndələrindən ibarət münsiflər heyətinin dəyərləndirməsi nəticəsində 20 finalçı seçilib. Müsabiqənin milli qalibi 160 saylı Klassik Gimnaziyanın şagirdi Aylin Yəhyazadə olub.


Digər finalçılar isə Bakı şəhərindən Bakı Avropa Liseyi, Fizika riyaziyyat və informatika təmayüllü lisey, Bakı Slavyan Universiteti məktəb lisey kompleksi, “Ankara” məktəb liseyi, 269, 283, 304 saylı orta məktəblər, Gəncə şəhərindən isə Xarici dillər təmayüllü gimnaziya, 1, 6, 22, 25, 28, 34 saylı orta ümumtəhsil məktəblərinin şagirdləridir.


Mükafatlandırma mərasimində milli qalib, eləcə də 19 finalçı sertifikat və qiymətli hədiyyələrlə təltif olunub.


Qeyd edək ki, “Eko Rəsm Gündəliyi 2014” müsabiqəsində finalçılar müxtəlif aktual ekoloji problemləri çəkdikləri rəsmlərlə və onları izah edən qısa mətn ilə ifadə edib, problemin həlli istiqamətində öz təkliflərini irəli sürüblər.


Tədbir zamanı finalçılar və onların çəkdiyi rəsmlər haqqında məlumatların əksini tapdığı videoçarx nümayiş olunub.


Qeyd edək ki, 50-dən çox ölkəni əhatə edən “Eko Rəsm Gündəliyi” beynəlxalq müsabiqəsi 2008-ci ildən keçirilir. Müsabiqənin məqsədi kiçik yaşlarından uşaqlarda ekoloji düşüncə tərzini, ekoloji məsələlərdə aktiv vətəndaş mövqeyini formalaşdırmaq, onları ətraf mühitin qorunması və bu sahədə problemlərin həllinə səfərbər etməkdən ibarətdir.

 

 

 

IDEA haqqında daha çox xəbər
7 may 2014-cü il tarixində Bakıda IDEA İctimai Birliyi tərəfindən Qafqaz Biomüxtəlifliyi Sammiti (bəbir və digər pişikkimilərin mühafizəsi) təşkil olunub.
“Ümumrespublika Yaşıllaşdırma” marafonu 5 noyabr 2014-cü il tarixində Heydər Əliyev Fondunun vitse-Prezidenti, IDEA İctimai Birliyinin təsisçisi və rəhbəri…
"Ağacların kəsilməsinə yox" proqramı Heydər Əliyev fondu və IDEA İctimai Birliyi ilə birlikdə həyata keçirilməkdədir.

Bİzə qoşul