07 May 2015

“Azərbaycanda nəsli kəsilmək üzrə olan fauna növləri və son zamanlar təsvir edilmiş yeni növlər” mövzusunda seminar keçirildi

2015-ci il 6-7 may tarixlərində IDEA İctimai Birliyinin Resurs Mərkəzində “Azərbaycanda nəsli kəsilmək üzrə olan fauna növləri və son zamanlar təsvir edilmiş yeni növlər” mövzusunda seminar təşkil edilmişdir.

 

Nəzəri və praktiki hissələrdən ibarət olan seminarda coğrafiya, biologiya, ekologiya və digər oxşar ixtisaslar üzrə təhsil alan və ya bu sahələrdə çalışan 40-a yaxın gənc iştirak etmişdir.

 

Seminarın nəzəri hissəsində ekspert qismində Ümumdünya Vəhşi Təbiət Fondunun (WWF) Azərbaycan nümayəndəliyinin direktoru Elşad Əsgərov çıxış etmişdir. Ekspert Azərbaycanda nəsli kəsilmək təhlükəsi ilə üzləşən növlər, onların müdafiəsi, Azərbaycanın məməli heyvanlar faunası barədə geniş mühazirə təqdim etmişdir. Mühazirənin yekununda iştirakçılarla mövzu ətrafında müzakirələr və sual-cavab sessiyası keçirilmişdir. Təşkil olunan seminar iştirakçılar tərəfindən böyük maraqla qarşılanmış və onların biliklərinin dərinləşməsinə xidmət etmişdir.

 

Praktiki hissə zamanı isə iştirakçılar AMEA-nın Zoologiya İnstitutunun nəzdində olan Zooloji Muzeyini ziyarət etmiş, Azərbaycanın və dünyanın heyvanlar aləmindən müqəvva, skelet və kolleksiya şəklində hazırlanmış mindən çox eksponatla, həmçinin cücülərin fauna və sistematikası laboratoriyasında (Entomologiya laborotoriyası) həşərat faunası ilə yaxından tanış olmuşlar.

 

IDEA mütəmadi olaraq Azərbaycan Respublikası Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasında yerləşən Resurs Mərkəzində ətraf mühit və davamlı inkişaf sahələrində təhsil alan gənclərin ekoloji biliklərini artırmaq, onların diqqətini ekoloji problemlərin həllinə yönəltmək, vacib ekoloji mövzulara mütəxəssis yanaşmasını müşahidə etmələrinə kömək etmək məqsədilə hər ay təlimlər, seminarlar, ekoloji mövzulu filmlər və kurslar təşkil edir. Tədbirlər barədə elanlar ictimaiyyətə IDEA-nın onlayn xidmətləri (www.facebook.com/ideacampaignhttp://instagram.com/idea_public_union) vasitəsilə çatdırlır. 

 

IDEA haqqında daha çox xəbər
7 may 2014-cü il tarixində Bakıda IDEA İctimai Birliyi tərəfindən Qafqaz Biomüxtəlifliyi Sammiti (bəbir və digər pişikkimilərin mühafizəsi) təşkil olunub.
“Ümumrespublika Yaşıllaşdırma” marafonu 5 noyabr 2014-cü il tarixində Heydər Əliyev Fondunun vitse-Prezidenti, IDEA İctimai Birliyinin təsisçisi və rəhbəri…
"Ağacların kəsilməsinə yox" proqramı Heydər Əliyev fondu və IDEA İctimai Birliyi ilə birlikdə həyata keçirilməkdədir.

Bİzə qoşul