24 Aprel 2015

Səməd Vurğun küçəsində 21 ədəd böyük ağac əkilmişdir

 

24 aprel tarixində Heydər Əliyev Fondunun vitse-prezidenti, IDEA İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla Əliyevanın təşəbbüsü ilə Bakı şəhəri Səməd Vurğun küçəsi 109 ünvanında məhv edilmiş 16 ağacın yerində 21 ədəd böyük ağac əkilmişdir.

 

Uzun illər həmin ərazidə yaşayan insanların istirahət və sağlamlığına xidmət edən ağacların məhv edilməsi şəhərimizin ətraf mühitinin zədələnməsi və əhalinin sağlamlığına ciddi təhdidə çevrilə bilərdi. Ölkəmizin ekologiya və biomüxtəlifliyinin mühafizəsi naminə çalışan və bu sahələrdə böyük uğurlar qazanmış IDEA İctimai Birliyi bu məsələyə biganə qala bilməzdi. Bu səbəbdən, İB-in təsisçisinin təşəbbüsü ilə ərazidə yaşıllıqların bərpası təmin edilmişdir.

 

Ağacəkmə aksiyasına paytaxtın müxtəlif yerlərindən 100-dən çox gənc gələrək, IDEA-nın yaşıllıqların bərpa olunması səylərinə dəstək nümayiş etdirmişlər. Budəfəki ağacəkmə aksiyası Nəsimi Rayon İcra Hakimiyyəti tərəfindən dəstəklənmişdir.

 

Tədbir zamanı bildirilmişdir ki, Heydər Əliyev Fondu və IDEA İctimai Birliyinin birgə layihəsi olan “Ağacların kəsilməsinə yox” proqramı tərəfindən son bir ildə Bakı şəhərində qanunsuz ağac kəsilməsi ilə bağlı vətəndaşlardan daxil olmuş 125 şikayətə baxılmış və onların müsbət həlli istiqamətində işlər görülmüşdür. Proqramın uğurlu icrası nəticəsində paytaxtımızda yaşıllıqların məhv edilməsi hallarının əhəmiyyətli dərəcədə azalması müşahidə olunmuşdur. Qabaqlayıcı tədbirlərlə yanaşı, IDEA İctimai Birliyi təsis edildiyi dövrdən etibarən həyata keçirdiyi geniş miqyaslı ağacəkmə aksiyaları çərçivəsində ölkə ərazisində 4 milyondan artıq ağac əkilmişdir. Bu proses hazırda da IDEA-nın “Yaşıl Marafon” layihəsi çərçivəsində bütün Respublika ərazisində davam etdirilir.

 

IDEA-nın yaşıllaşdırma layihələrinin məqsədi ekoloji tarazlığın bərpası, təbiətə töhvə vermək, insanların diqqətinin yaşıllıqların qorunmasına yönəltmək, eləcə də ətraf mühitin mühafizəsi işində ictimai nəzarəti gücləndirməkdir.

 

IDEA İctimai Birliyi bütün vətəndaşları Bakı şəhərində yaşıllıqların qorunmasına töhfə verməyə və üzləşdikləri qeyri-qanuni ağac kəsilməsi halları ilə bağlı xüsusi yaradılmış qaynar xəttə (bütün mobil operatorlar və şəhər telefonlarından 1113) məlumat verməyə çağırır.

 

 

 

IDEA haqqında daha çox xəbər
7 may 2014-cü il tarixində Bakıda IDEA İctimai Birliyi tərəfindən Qafqaz Biomüxtəlifliyi Sammiti (bəbir və digər pişikkimilərin mühafizəsi) təşkil olunub.
“Ümumrespublika Yaşıllaşdırma” marafonu 5 noyabr 2014-cü il tarixində Heydər Əliyev Fondunun vitse-Prezidenti, IDEA İctimai Birliyinin təsisçisi və rəhbəri…
"Ağacların kəsilməsinə yox" proqramı Heydər Əliyev fondu və IDEA İctimai Birliyi ilə birlikdə həyata keçirilməkdədir.

Bİzə qoşul