03 Oktyabr 2015

“Beynəlxalq Təmizlik Həftəsi” ilə əlaqədar növbəti təmizlik aksiyası təşkil olundu

3 oktyabr 2015-ci il tarixində IDEA İctimai Birliyi “Beynəlxalq Təmizlik Həftəsi” ilə əlaqədar “Təmiz Şəhər” ASC ilə birlikdə Buzovna çimərliyi ərazisində könüllülərin iştirakı ilə növbəti təmizlik aksiyası təşkil etmişdir. Qeyd olunmalıdır ki, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin araşdırmasına əsasən Buzovna sahillərinin Bakının ən çox çirkləndirilən çimərliyi olduğu aşkar edilmişdir. Məhz bu səbəbdən təmizlik aksiyası həmin ərazidə həyata keçirilmişdir.

 

“Təmizlik həftəsində təbiət üçün birgəyik!” şüarı altında keçirilən aksiyasının əsas məqsədi sahilyanı ərazilərin çirkləndirilməsi və zibillənməsinin qarşısının alınması, o cümlədən dəniz sahillərində təmizliyə riayət olunması ilə bağlı ictimaiyyətin maarifləndirilməsi olmuşdur. Belə ki, Xəzər sahillərinin ziyarətçilər tərəfindən zibillənməsi dəniz ətraf mühitinin, xüsusiləzəngin canlı aləminin məhvinə səbəb olur.

 

Bütün dünyada olduğu kimi ölkəmizdə də dəniz mövsümündən sonra sahillərdə müşahidə olunan yüksək dərəcəli çirklənməni nəzərə alaraq, IDEA İctimai Birliyi hər il Bakı çimərliklərində yüzlərlə gəncin iştirakı ilə bu cür sosial aksiyalar təşkil edir.

 

Təmizlik həftəsi ilə əlaqədar keçirilən bu tədbir ictimaiyyətin geniş marağına səbəb olmuş və cəmiyyətin müxtəlif yaş qruplarını təmsil edən şəxslər IDEA-nın təşəbbüsünə qoşulmuşlar.  Çimərlik ərazisindəki tullantıların toplanmasında xüsusi fəallıq göstərənlər IDEA İctimai Birliyi tərəfindən xatirə hədiyyələri ilə təltif olunmuşdur.

 

Aksiya zamanı zəruri sanitar ləvazimatlarla təchiz olunmuş iştirakçılar topladıqları tullantıları tərkibinə görə çeşidləyərək, çimərliklərdə ən çox müşahidə olunan zibilləri aşkarlamışlar. Daha sonra, bütün tullantılar xüsusi nəqliyyat vasitələri ilə Balaxanı Bərk Məişət Tullantılarının Çeşidlənməsi Zavoduna təhvil verilmişdir.

 

Mövsümündən asılı olmayaraq, IDEA İctimai Birliyi hər kəsi sahilyanı ərazilərin timsalında ətraf mühitin qayğısına qalmağa, ekoloji problemlərə qarşı aparılan mübarizəyə öz töhfələrini verməyə  çağırır!

 

IDEA haqqında daha çox xəbər
7 may 2014-cü il tarixində Bakıda IDEA İctimai Birliyi tərəfindən Qafqaz Biomüxtəlifliyi Sammiti (bəbir və digər pişikkimilərin mühafizəsi) təşkil olunub.
“Ümumrespublika Yaşıllaşdırma” marafonu 5 noyabr 2014-cü il tarixində Heydər Əliyev Fondunun vitse-Prezidenti, IDEA İctimai Birliyinin təsisçisi və rəhbəri…
"Ağacların kəsilməsinə yox" proqramı Heydər Əliyev fondu və IDEA İctimai Birliyi ilə birlikdə həyata keçirilməkdədir.

Bİzə qoşul