05 Noyabr 2013

“Neft sənayesində ətraf mühit məsələlərinə dünyəvi baxış” mövzusunda beynəlxalq konfrans keçirilir

Noyabrın 4-də Bakıda Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (ARDNŞ) və IDEA (Ətraf mühitin mühafizəsi naminə beynəlxalq dialoq) kampaniyasının dəstəyi ilə “Neft sənayesində ətraf mühit məsələlərinə dünyəvi baxış” mövzusunda beynəlxalq konfrans işə başlamışdır. 

 

İki günlük konfransda müxtəlif ölkələrin dövlət qurumlarının, neft-qaz şirkətlərinin təmsilçilərindən, ekologiya sahəsində fəaliyyət göstərən alimlərdən və aparıcı mütəxəssislərdən ibarət 250 nəfərlik nümayəndə heyəti iştirak edir. 

 

Konfransı açan ARDNŞ-in ekologiya üzrə vitse-prezidenti Rəfiqə Hüseynzadə tədbirin əhəmiyyətindən danışaraq bildirmişdir ki, əsas məqsəd regionun davamlı inkişafı üçün ətraf mühitin cari vəziyyətinin kompleks təhlilini vermək, ətraf mühitin müxtəlif komponentlərinin tədqiqində yeni üsul və texnologiyalardan istifadə təcrübəsini bölüşmək, ətraf mühitin mühafizəsi üzrə təkliflər işləyib hazırlamaq, yaxın on il üçün ətraf mühitin inkişaf dinamikasına dair proqnozlar verməkdir.

 

Sonra Heydər Əliyev Fondunun vitse-prezidenti, IDEA-nın rəhbəri Leyla Əliyevanın konfrans iştirakçılarına müraciəti oxunmuşdur. 


Müraciətdə deyilir:

 

“Hörmətli konfrans iştirakçıları!


“Neft sənayesində ətraf mühit məsələlərinə qlobal baxış” adlı beynəlxalq konfransın iştirakçılarını salamlamaqdan məmnunluq duyuram. 


Qlobal ekoloji problemlər qlobal baxış tələb edir. Dünyada ekoloji problemlərin doğurduğu narahatlıq hər birimizi dərindən düşünməyə vadar edir. Təbiəti daha səmərəli, daha güclü mühafizə etmək üçün innovativ yanaşmalara daim ehtiyac duyulur. 


IDEA ətraf mühitin mühafizəsi üçün beynəlxalq dialoq qurmağa çalışır. Təbiətə ziyan vurmamaq üçün ekoloji problemlərin həllinə “yaşıl düşüncə” ilə yanaşmanı və təbliğ etməni fəaliyyətimizin əsas prinsipi sayırıq. 


Ətraf mühitin qorunması planetimizdə yaşayan müxtəlif insanların birləşdirici, ümumi həyat fəlsəfəsinə çevrilməlidir. IDEA ekoloji maarifləndirməni gücləndirmək üçün yeni layihələr üzərində işləyir. Planetimizin gələcək ekoloji vəziyyəti bu günkü nəslin düşüncəsindən asılı olaraq yaranacaqdır. 


Şübhəsiz ki, ekologiya haqqında düşünmək gələcək haqqında düşünmək deməkdir. Baş verən demoqrafik dəyişikliklər, sənayenin genişlənməsi, insanların təbiətə təsirinin artması ekoloji məsuliyyəti dövrün əsas çağırışına çevirir. Ətraf mühitin mühafizəsinə diqqəti artırmaq üçün imkanlarımızı səfərbər etməliyik. 
Çox şadam ki, bu konfrans qlobal ekoloji problemlərin həll yollarının müzakirəsi üçün yeni platforma açır. 


Konfransın işinə uğurlar arzulayıram!


Hörmətlə,
Leyla Əliyeva,
IDEA (Ətraf Mühitin Mühafizəsi naminə Beynəlxalq Dialoq) kampaniyasının rəhbəri”. 


Daha sonra ARDNŞ-in ətraf mühitin qorunması ilə bağlı gördüyü işlər haqqında videoçarx nümayiş etdirilmişdir. 


ARDNŞ-in prezidenti Rövnəq Abdullayev konfransda çıxış edərək ətraf mühitin mühafizəsi istiqamətində həyata keçirilən layihələrdən və görüləcək işlərdən danışmışdır. 


R. Abdullayev belə tədbirlərin neft-qaz sənayesinin yaratdığı ekoloji problemlərin həllində əhəmiyyətli rol oynayacağını bildirmişdir. 


Təməli ümummilli lider Heydər Əliyev tərəfindən qoyulan məqsədyönlü siyasətin Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirildiyini söyləyən ARDNŞ-in prezidenti ətraf mühitin qorunması məsələlərinin Azərbaycan dövlətinin prioritet istiqamətlərindən biri olduğunu vurğulamışdır. 

 

Azərbaycanın Ekologiya və Təbii Sərvətlər naziri Hüseynqulu Bağırov son 10 ildə ölkəmizdə ətraf mühitin mühafizəsi ilə bağlı böyük işlərin görüldüyünü demişdir. Nazir bildirmişdir ki, son 10 ildə Azərbaycanda 8 milli park yaradılmışdır. Daha bir parkın yaradılması ilə bağlı işlər isə davam etdirilir. Mühafizə olunan ərazilərin sahəsi 400 min hektardan 1 milyon hektara çatdırılmış, milyonlarla ağac əkilmişdir. Son 3 ildə Azərbaycanda salınan zeytun bağlarının sayı sürətlə artmışdır.


Konfrans işini sessiyalarla davam etdirmişdir. 

IDEA haqqında daha çox xəbər
7 may 2014-cü il tarixində Bakıda IDEA İctimai Birliyi tərəfindən Qafqaz Biomüxtəlifliyi Sammiti (bəbir və digər pişikkimilərin mühafizəsi) təşkil olunub.
“Ümumrespublika Yaşıllaşdırma” marafonu 5 noyabr 2014-cü il tarixində Heydər Əliyev Fondunun vitse-Prezidenti, IDEA İctimai Birliyinin təsisçisi və rəhbəri…
"Ağacların kəsilməsinə yox" proqramı Heydər Əliyev fondu və IDEA İctimai Birliyi ilə birlikdə həyata keçirilməkdədir.

Bİzə qoşul